Avropa Birliyi 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılan elektrikli nəqliyyat vasitələrinə idxal vergisi tətbiqi qərarını 2026-cı ilin sonuna qədər təxirə salıb.
Brexitdən sonra Avropa ilə Böyük Britaniya arasında ticarət razılaşması çərçivəsində qəbul edilən bu qərar Avropada batareya istehsal şəbəkəsini genişləndirməyi hədəfləyir. Avropa İttifaqı regiondan gələn komponentlərin dəyərinin 45%-dən az olduğu elektrik avtomobillərinə 10% vergi tətbiq etməyi planlaşdırmışdı.
Avtomobil istehsalçıları yerli batareyaların kifayət qədər təchizatı olmadığı üçün qərarın təxirə salınmasını tələb etmişdilər. Çünki bu vəziyyət xarici istehsalçılara (xüsusən də Çin) üstünlük verməklə Avropa bazarında rəqabəti azalda bilərdi. Elektrikli avtomobillərin dəyərinin əhəmiyyətli hissəsini təşkil edən akkumulyatorların əksəriyyəti Çində istehsal olunur.
2027-ci ilə qədər Avropa istehsalçılarının kifayət qədər səviyyəyə çatması gözlənilir. Bu prosesdə Avropa batareya istehsalına investisiyalarla iqtisadi asılılığı azaltmağı hədəfləyir. Bu məqsədlə Avropa İttifaqı Şurası batareya istehsalı üçün 3 milyard avro büdcə ayırıb. Həmçinin Avropada satılan Çin avtomobillərinə əlavə vergilərin tətbiqi və Çin istehsalçılarının Avropada fabriklər açmaq planları da gündəmdədir.